REGİONLAR
“Azərbaycanda fındıq emalı və ixracının perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 19 iyul (AZƏRTAC). İyulun 19-da Zaqatalada “Azərbaycanda fındıq emalı və ixracının perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən fındıq emalı müəssisələrinin, rayon icra hakimiyyətinin, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri iştirak etmişlər. “Dəyirmi masa”da Azərbaycanda fındıq istehsalı, emalı və ixracının perspektivləri müzakirə edilmişdir.
Tədbirdə qeyd edilmişdir ki, “dəyirmi masa” İqtisadi İnkişaf Nazirliyi, GİZ və Milli Məhsuldarlıq və Rəqbətədavamlılıq Mərkəzinin birgə həyata keçirdiyi proqram çərçivəsində baş tutmuşdur. Proqrama əsasən, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ və Oğuz rayonlarında fəaliyyət göstərən fındıq emalı müəssisələri arasında anket sorğusu keçirilmiş və “Azərbaycan Respublikasının fındıq ixracatçıları” kataloqu üçün müvafiq məlumatlar toplanmışdır. Yaxın zamanlarda bu kataloq çap olunaraq xarici ölkələrdə yayımlanacaqdır. Həyata keçirilən tədbirlər Azərbaycanda ixrac potensiallı digər məhsulların da təşviqinə töhfə verəcəkdir.
“Azərbaycanda fındıq emalı və ixracının perspektivləri” mövzusunda növbəti tədbir iyulun 20-də Qax rayonunda keçiriləcəkdir.
Qeyd edək ki, Azərbaycan dünyada fındıq istehsalı və ixracı sahəsində Türkiyə, İtaliya və ABŞ-dan sonra 4-cü yerdədir. Azərbaycanda yetişdirilən “Ata-baba” fındıq növü öz qida keyfiyyətinə görə dünya bazarında özünəməxsus yer tutur.