SİYASƏT
AZƏRBAYCANDA “GƏNC JURNALİSTLƏR KLUBU” YARADILIR
Bakı, 12 yanvar (AZƏRTAC). “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatı (UGT) bu il reallaşdıracağı “Gənc Jurnalistlər Klubu” layihəsi ilə əlaqədar yanvarın 12-də Azərbaycan Mətbuat Şurasında tədbir keçirmişdir.
Təşkilatın sədri Fərid Şahbazlı bildirmişdir ki, klubun yaradılmasından məqsəd ölkə mediasında çalışan gənc jurnalistlərə dəstək vermək, onların peşəkarlığını və dünyagörüşü səviyyəsini yüksəltmək, eləcə də mətbuatımıza yeni imzalar təqdim etməkdir. Kluba yalnız jurnalistikaya marağı olan və ya artıq bu işlə məşğul olan məktəbli və tələbələr üzv ola bilərlər.
Klub üzvlərinə 3 ay müddətində ölkənin tanınmış media mütəxəssisləri tərəfindən təlimlərin keçirilməsi, onların müxtəlif mətbuat qurumlarında təcrübələrə göndərilməsi və yazılarının mətbuatda dərc edilməsi nəzərdə tutulmuşdur.
Təşkilatın sədri qeyd etmişdir ki, əgər layihə uğurla nəticələnərsə, “Gənc Jurnalistlər Klubu” müstəqil qurum kimi fəaliyyət göstərə bilər.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü Rəhim Hüseynzadə, Milli Məclisin deputatı Nazim Məmmədov və tanınmış media mütəxəssisləri layihənin əhəmiyyətini yüksək qiymətləndirmiş, gənc jurnalistlərə tövsiyələrini vermişlər.