İDMAN
Azərbaycanda idmana və idmançılara göstərilən dövlət qayğısı bu sahədə bütün qələbələrimizin rəhnidir
Bakı, 22 avqust (AZƏRTAC). İndiki qloballaşma dövründə iqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə, bir çox nüfuzlu beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycan, həm də dünyada idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız medallar bunun əyani təsdiqidir. Bu uğurlar isə son illər ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür.
Qürurla demək olar ki, Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilmişdir. Bunun nəticəsidir ki, ölkəmiz birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Şahmat Olimpiadası kimi mötəbər idman yarışlarına ev sahibliyi etməyə hazırlaşır. İstər maddi-texniki bazanın, istər insan potensialının, istərsə də idman sahəsində kifayət qədər kadrlarımızın olması bizə bu yarışları yüksək səviyyədə təşkil etməyə imkan verəcəkdir.
Ən əsası isə Azərbaycanda artıq ümumxalq məhəbbətini qazanmış Olimpiya hərəkatına dövlətimizin dəstəyi vardır. Bu gün ölkəmizdə Olimpiya Oyunlarının qalibləri və mükafatçıları seçilib-sayılan, hörmət edilən vətəndaşlardır. Onların qələbələrinin kökündə isə dövlətimizə və millətimizə sevgi dayanır.
Azərbaycanın idman şərəfini qoruyanlardan biri də vaxtilə idmanın ağır atletika növü ilə məşğul olmuş, hazırda isə usta idmançılar arasında çıxış edən Natiq Həsənovdur. O, 1999-2006-cı illərdə ağır atletika üzrə Azərbaycan millisinin heyətində çıxış etmişdir. 2005-ci ildə Səudiyyə Ərəbistanının Mədinə şəhərində keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bir qızıl və iki gümüş medal qazanmışdır. Qazandığı uğurlara baxmayaraq Natiq Həsənov bir müddət idmandan ayrı düşür. Lakin ölkəmizdə idmana və idmançılara olan qayğı onu yenidən bu sahəyə qayıtmağa vadar edir.
Söhbət zamanı Natiq Həsənov qazandığı uğurlardan ürəkdolusu və həvəslə danışır: “Var gücümlə yeni yarışlara hazırlaşdım. Lənkəranda keçirilən usta atletlər arasında Avropa çempionatında ümumilikdə 250 kiloqram nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxdım. Uzun fasilədən sonra bu medalı qazandığım üçün həmin vaxt çox xoşbəxt idim”.
Natiq Həsənovun idmana sevgisi onun uğurlarının davamlı olmasına təkan verir. Növbəti qələbə xəbəri isə Ukraynadan gəlir. Lvov şəhərində keçirilən dünya çempionatında atletimiz Lənkərandakı qələbəsini təkrarlamışdır. Bu dəfə toplam 280 kiloqramı başı üzərinə qaldıran N.Həsənov mundialın qızıl medalına sahib olmuşdur.
Söz yox ki, bu uğurların qazanılmasında idmana olan böyük məhəbbətlə yanaşı, ona göstərilən qayğı da əsas amillərdən biri olmuşdur. Bu qayğını isə Natiq Həsənov 2011-ci ildən mühafizəçi kimi çalışdığı Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevdən görmüşdür. Həmsöhbətim yarışlara hazırlıqda, yeni uğurların əldə olunmasında bunu əsas sayır. O deyir: “Bütün diqqət və qayğıya görə Arif Paşayevə öz təşəkkürümü bildirirəm. Məhz bu qayğı sayəsində bundan sonra da uğurla çıxış edib Azərbaycanın bayrağını yüksəklərə qaldıracağam”.
Bu il avqustun əvvəlində İtaliyanın Turin şəhərində keçirilmiş Dünya Veteran Oyunları yarışlarında da Natiq Həsənov Azərbaycanı layiqincə təmsil edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Atletimizin növbəti hədəfi isə Malayziyada keçiriləcək dünya kuboku yarışlarıdır. İnanırıq ki, idmana sevgi, ətrafındakı insanların göstərdiyi diqqət, ən əsası ölkəmizdə dövlət tərəfindən idmana göstərilən qayğı Natiq Həsənov üçün yeni uğurlara yol açacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi, “İdman həyatımızın ayrılmaz hissəsidir. İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Bu sahədə əldə edilən uğurlar, əlbəttə ki, bizi gələcək uğurlara sövq edir. Biz əldə edilmiş nəticələrlə kifayətlənə bilmərik. Yalnız və yalnız gələcəyə baxmalıyıq ki, daha da böyük qələbələr əldə edək”.