MƏDƏNİYYƏT
Azərbaycanda ilk dəfə keçirilən 1-ci Beynəlxalq Kukla Teatrı festivalı ölkə başçısının və xanımının mədəniyyətə və mədəniyyət işçilərinə göstərdikləri böyük diqqət və qayğının nəticəsidir
Bakı, 1 noyabr (AZƏRTAC). Azərbaycanda ilk dəfə keçirilən 1-ci Beynəlxalq Kukla Teatrı dövlətimizin mədəniyyətə və mədəniyyət işçilərinə göstərdikləri böyük qayğısının nəticəsidir. Tədbirlə əlaqədar olaraq Bakıya 16 ölkədən 155 qonaq gəlmişdir. Festival çərçivəsində 22 tamaşa göstəriləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Bakıda 1-ci Beynəlxalq Kukla Teatrı Festivalına həsr olunmuş mətbuat konfransında söyləmişdir. Bildirmişdir ki, Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Kukla Teatrları Assosiasiyası (UNİMA) və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq kukla teatrı festivalı ilk dəfədir keçirilir. Festival Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuşdur.
Ə.Vəliyev vurğulamışdır ki, festival Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı” çərçivəsində təşkil olunmuşdur. Festivalda 16 ölkədən 20-dən çox kukla teatrının kollektivi iştirak edəcəkdir. Bu günlərdə tamaşaların nümayişi ilə yanaşı, Böyük Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin iştirakı ilə ustad dərsləri təşkil olunacaqdır. Həmçinin noyabrın 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika” mövzusunda elmi simpozium keçiriləcəkdir.
Mətbuat konfransında UNİMA-nın baş katibi Jak Trüdo yeni yaradılan UNİMA-Azərbaycan Mərkəzi ilə sıx əməkdaşlıq yaradacaqlarına ümidvar olduğunu bildirmişdir.
UNİMA-Türkiyə Milli Mərkəzinin prezidenti Mevlut Özhan ölkələrin bir-birini tanıması, tamaşaçıların başqa dövlətlərin mədəniyyətləri ilə tanış olması baxımından belə bir festivalın keçirilməsini böyük hadisə adlandırmışdır. Bu festival müxtəlif ölkələrin kukla teatrları kollektivləri arasında qardaşlıq və dostluq körpüsü formalaşdıracaqdır.
Azərbaycanın TÜRKSOY-da nümayəndəsi Elçin Qafarlı teatr sahəsində yeni bir dövrün başladığını söyləmişdir. O, gələcəkdə TÜRKSOY-un tərkibində Kukla Teatrları Birliyinin yaradılması ideyası ilə çıxış etmişdir. E.Qafarlı TÜRKSOY adından UNİMA-nın baş katibi Jak Trüdoya xatirə hədiyyəsi təqdim etmişdir.
Mətbuat konfransından sonra Kukla Teatrının həyətində şou-proqram təqdim olunmuşdur.
Teatrın binasının ətrafında müxtəlif nağıl qəhrəmanlarının böyük kuklaları qoyulmuşdur. Açılışda uşaqların ifasında mahnılar səslənmiş, müxtəlif kukla tamaşalarından parçalar göstərilmişdir.
Mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak etmişdir.