CƏMİYYƏT
Azərbaycanda ilk dəfə vəkillərin sayı 1700-ü keçib
Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Ədliyyə Akademiyasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, həmçinin KİV nümayəndələrinin iştirakı ilə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov Prezident İlham Əliyevin ötən il fevralın 22-də və cari il aprelin 3-də imzaladığı müvafiq olaraq, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. A.Bağırov bu çərçivədə Vəkillər Kollegiyasına sənəd qəbulunun daimi əsaslarla həyata keçirildiyini, hazırda vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının davam etdiyini, sənəd verən hüquqşünasların sayının gündən-günə artdığını, bu gün and içəcək vəkilliyə namizədlərlə birlikdə ölkədə vəkillərin sayının 1700-ü ötdüyünü qeyd edib.
Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən, Vəkillərin İxtisas Komissiyasının üzvü Elçin Xələfov vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyətini vurğulayıb. E.Xələfov Vəkillər Kollegiyası ilə birgə hazırlanmış tədris proqramının məzmun baxımından yeniliklərlə zəngin olduğunu bildirib və and içəcək namizədlərə uğurlar arzulayıb.
Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyət qazanan və icbari təlimi başa vuran 73 namizəd Azərbaycan Respublikasının dövlət bayrağı önündə and içib. Onlara müvafiq vəsiqələr təqdim edilib.