ELM VƏ TƏHSİL
AZƏRBAYCANDA İNTERNETİN HAZIRKI VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNMUŞDUR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin binasında AMEA Biologiya Elmləri Bölməsinin (BEB) iclası keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, BEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov iclasın gündəliyində duran məsələlər haqqında məlumat vermişdir.
AMEA–nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü Rasim Əliquliyev Azərbaycanda internetin inkişaf mərhələləri və hazırkı vəziyyəti haqqında danışmışdır.
Milli Məclis tərəfindən qəbul olunmuş və ölkə başçısının imzaladığı “İnformasiya əldə etmək haqqında” qanuna müvafiq olaraq, bütün müəssisə və təşkilatların veb-saytlarının yaradılmasının informasiya cəmiyyəti dövründə mühüm məsələlərdən biri olduğunu qeyd edən alim, AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində həmin qanundan irəli gələn elmi-texniki, texnoloji tutumlu məsələlərin üzərində çalışdığını bildirmişdir.
Azərbaycanda fəaliyyət göstərən elmi təşkilatlarla NATO arasında müxtəlif istiqamətlər üzrə layihələrin (NATO-nun elm proqramı) həyata keçirildiyini vurğulayan R.Əliquliyev, Şimali Atlantika Alyansının dəstəyi ilə alınmış internet trafikin Azərbaycanın müxtəlif bölgələrində yerləşən elmi-tədqiqat və ali təhsil müəssisələrinə paylanması, eyni zamanda 1997-2003-cü illərdə Azərbaycanda elm və təhsil müəssisələrinin kompyuter şəbəkələri infrastrukturunun yaradılması, onların yüksək sürətli internetlə dünyaya çıxışının təmin edilməsi məqsədilə “Virtual İpək Yolu” layihəsinin işlənilməsindən, ölkəmizdə ilk veb-sayt olan AMEA-nın www.ab.az (hazırkı www.science.az) portalının yaradılma tarixindən söhbət açmışdır.
AMEA institutlarının sürətli internetlə təmin olunması məsələsinə toxunan alim, 2003-cü ildə “Virtual İpək Yolu” layihəsinin reallaşdırılması nəticəsində akademiyanın binasında yerüstü peyk antennasının quraşdırılması ilə Azərbaycanda internetə çıxış sürətinin artdığını vurğulamışdır. R.Əliquliyev qeyd olunanlarla yanaşı, bu istiqamətdə mövcud problemlərin aradan qaldırılması üçün İTİ-nin ölkədə fəaliyyət göstərən bütün elmi müəssisələrlə əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir.
R.Əliquliyev həmçinin, ölkəmizdə informasiya cəmiyyətinin formalaşmasında elmi müəssisə və təşkilatların yaxından iştirakı, onların informatika sahəsində mükəmməl biliklər əldə etmələri məqsədilə İTİ-də müasir tələblərə cavab verən Tədris İnnovasiya Mərkəzinin fəaliyyət göstərdiyini vurğulamışdır.
Sonra geniş fikir mübadiləsi aparılmışdır.