İQTİSADİYYAT
Azərbaycanda kifayət qədər enerji gücləri vardır
Bakı, 13 fevral (AZƏRTAC). Elektrik enerjisinin təchizatı ilə bağlı son illər ərzində görülən işlər nəticəsində, demək olar ki, artıq qıtlıq hiss olunmur. Çünki son illərdə 1500 meqavat gücündə yeni elektrik stansiyalarının tikintisi təmin edilmişdir. Bu proses davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində demişdir.
Bu il Şirvan şəhərində “Cənub” Elektrik Stansiyasının işə düşməsi nəticəsində təqribən 800 meqavata qədər yeni güc əldə ediləcəyini bildirən dövlətimizin başçısı qeyd etmişdir ki, “Şimal-2” elektrik stansiyasının tikintisi də davam edir. Bu da təqribən 400 meqavata yaxındır. Yəni, bu, bizim enerji potensialımızı böyük dərəcədə möhkəmləndirəcəkdir. Eyni zamanda, su elektrik stansiyalarının tikintisi davam etdirilir. Keçən il biz kiçik çaylarda bir neçə stansiyanın açılışını qeyd etmişik. Eyni zamanda, böyük layihələrin icrası ilə paralel olaraq su elektrik stansiyalarının və bərpa olunan alternativ enerji növlərinin yaradılması prosesi gedir. Mən onların arasında bu yaxınlarda Füzuli Su Elektrik Stansiyasının açılışını qeyd edə bilərəm. İyirmi beş meqavat gücündə olan stansiya bərpa olunan enerji növüdür.
Balaxanıda məişət tullantıları zavodunun tərkib hissəsi olan elektrik stansiyasının tikintisinin də artıq başa çatdırıldığını vurğulayan Prezident İlham Əliyev əlavə etmişdir ki, biz orada da təqribən 20 meqavata yaxın elektrik enerjisi əldə edəcəyik.
Dövlətimizin başçısı daha sonra bildirmişdir ki, Taxtakörpü su anbarı tikilir və bu il bu nəhəng infrastruktur layihəsi istifadəyə veriləcəkdir. On minlərlə hektar torpaq sahələri suvarılacaq və eyni zamanda, bu layihənin tərkib hissəsi olan 25 meqavat gücündə su elektrik stansiyası da tikiləcəkdir. Yəni, bizdə kifayət qədər enerji gücləri vardır.
Azərbaycanın hazırda qonşu ölkələrə elektrik enerjisi ixrac etdiyini, ancaq ötürücü xətlərin vəziyyətinin qənaətbəxş olmadığını deyən Prezident İlham Əliyev qeyd etmişdir ki, bu məsələ ilə bağlı artıq göstərişlər verilmişdir. Bu ilin investisiya proqramında da ötürücü xətlərin yeniləşdirilməsi məsələsi nəzərdə tutulur. Biz bu məsələyə daha da ciddi fikir verməliyik və bütün ötürücü xətlərin vəziyyətini qısa müddət ərzində yaxşılaşdırmalıyıq.