MƏDƏNİYYƏT
Azərbaycanda kitabxana-informasiya şəbəkəsinin inkişafı istiqamətində mühüm işlər görülür
Bakı, 22 avqust (AZƏRTAC). Avqustun 22-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasında kitabxana-informasiya şəbəkəsinin inkişafı və kitabxana xidmətlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı (2015-2020-ci illlər)”nın layihəsi müzakirə olunub.
Azərbaycan Milli Kitabxanasından AZƏRTAC-a bildirilib ki, müzakirədə paytaxtdakı bir sıra kitabxanaların rəhbərləri və bu sahə üzrə mütəxəssislər iştirak ediblər.
Tədbirdə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın nəticələri haqqında məlumat verilib.
Sonra yeni layihə ətrafında müzakirələr aparılıb, layihəyə bir sıra mühüm təkliflərlə yanaşı, iradlar da bildirilib.