SİYASƏT
“Azərbaycanda korporativ sosial məsuliyyət: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilmişdir
Bakı, 22 iyun (AZƏRTAC). İyunun 22-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən “Azərbaycanda korporativ sosial məsuliyyət: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycanda korporativ sosial məsuliyyətlə bağlı vəziyyət və onun perspektivləri, habelə Şuranın korporativ sosial məsuliyyət üzrə hazırladığı sənəd müzakirə edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev çıxış edərək korporativ sosial məsuliyyətin (KSM) əhəmiyyətindən və vacibliyindən danışmışdır.
Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) qanunvericilik və siyasi məsələlər üzrə əlaqələndiricisi Şahid Şükürov isə AmCham üzvlərinin KSM üzrə plan və perspektivləri barədə məlumat vermişdir.
Vurğulanmışdır ki, KSM şirkətin fəaliyyət göstərdiyi cəmiyyətə və mühitə istiqamətlənmiş məsuliyyət hissidir. KSM rəqabəti artırır, daxili bazarın sabit inkişafına təsir edir, biznesin sosial və ekoloji məsuliyyətini artırır.
Daha sonra Şuranın korporativ sosial məsuliyyət üzrə hazırladığı tövsiyə sənədin təqdimatı olmuşdur. Qeyd olunmuşdur ki, tövsiyə sənədin hazırlanmasında 30-dan çox ölkənin təcrübəsi öyrənilmişdir.
Sonra təqdim olunmuş sənəd ilə bağlı fikir mübadiləsi aparılmış, təkliflər səsləndirilmişdir.