MƏDƏNİYYƏT
Azərbaycanda Küveyt Dövlətinin Mədəniyyət Günləri başlamışdır
Bakı, 28 noyabr (AZƏRTAC). Azərbaycan ilə Küveyt Dövləti arasında mədəni əlaqələrin inkişafı, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin yaradılması, fikir və təcrübə mübadilələrinin aparılması məqsədi ilə noyabrın 27-dən dekabr ayının 2-dək respublikamızda Küveyt Dövlətinin Mədəniyyət Günləri keçirilir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Mədəniyyət Günləri ilə əlaqədar Küveyt Dövlətinin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli Hüseyn Əl-Yuhanın rəhbərliyi ilə tanınmış mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Qonaqlarla Mədəniyyət və Turizm Nazirliyində görüş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında fotosərginin təşkili, Azərbaycan Yazıçılar Birliyində Küveytin hakim Əl-Sabah ailəsinin tanınmış nümayəndəsi, ictimai xadim Şeyxə Suad Məhəmməd Əl-Sabahın ölkəmizin Küveyt Dövlətindəki səfirliyinin təşəbbüsü və dəstəyi ilə tərcümə olunmuş və Bakıda nəşr edilmiş “Məni günəşə apar” adlı şeirlər kitabının təqdimatı, həmçinin iki ölkə rəssamları, yazıçıları və şairləri, musiqi və kino xadimləri ilə görüşlərin təşkili nəzərdə tutulmuşdur.