REGİONLAR
Azərbaycanda meyvə-tərəvəz məhsullarının ixracı 27,9 faiz artmışdır
Bakı, 12 iyul (AZƏRTAC). Aqrar sektorun intensiv inkişafını stimullaşdırmaq üçün dövlət dəstəyi tədbirləri cari ildə də davam etdirilmiş, bu məqsədə on milyonlarla manat həcmində vəsait sərf olunmuşdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında kənd təsərrüfatı naziri Heydər Əsədov söyləmişdir.
Nazir vurğulamışdır ki, məhsulun bahalaşmaması üçün dövlət dəstəyinin təsirini müəyyən edən və beynəlxalq təcrübədə geniş istifadə olunan “kənd təsərrüfatı siyasətinin dəyəri” indeksi üzrə Beynəlxalq İqtisadi Forumun hesabatında Azərbaycan 2013-2014-cü illərdə əvvəlki dövrlə müqayisədə 21 pillə irəliləyərək, 148 ölkə arasında 49-cu yerə yüksəlmişdir.
H.Əsədov qeyd etmişdir ki, kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçıları üçün münbit şəraitin yaradılması haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası nəticəsində bu dövr ərzində ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsas hissəsini təşkil edən meyvə-tərəvəz məhsullarının ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 27,9 faiz artaraq 68,9 milyon ABŞ dollarına çatmışdır.