ELM VƏ TƏHSİL
AZƏRBAYCANDA MÜƏLLİM VƏ ŞAGİRDLƏR ÜÇÜN ARZULAR VƏ KOMANDALAR PROQRAMININ İCRASI DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda müəllim və şagirdlər üçün Dreams+Teams (Arzular və komandalar) proqramının icrası davam edir.
Proqramın əsas məqsədi idman, incəsənət və beynəlxalq təhsil əlaqələri vasitəsi ilə gənclər və müəllimlər arasında liderlik bacarıqları və beynəlmiləl məlumatlılığı inkişaf etdirməkdir. British Councilın təşkilatçılığı ilə Britaniyanın Youth Sport Trust təşkilatından gəlmiş mütəxəssislər Bakı şəhərindəki 23 nömrəli, Gəncədəki 39 və Lənkərandakı 10 nömrəli məktəblərdən seçilmiş 6 müəllim və 24 şagird üçün ilkin liderlik təlimlərinə başlamışlar.
Martın 17-19-da müəllimlər üçün təşkil olunmuş Yerli Təlimçi kursu başa çatmışdır. Martın 24-28-də isə şagirdlər üçün Gənc Lider kursu başlanmışdır. Sonda gənc liderlər əldə etdikləri bacarıqlardan istifadə edərək ibtidai sinif şagirdləri üçün mini idman festivalı təşkil edəcəklər. Martın 27-də Bakı şəhərindəki 23 nömrəli məktəbdə keçiriləcək bu festivalda uşaqlarla birlikdə onların valideynləri, müəllimləri, yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Xatırladaq ki, bu təlimlər Britaniya hökumətinin İdmanın İnkişafı üzrə Beynəlxalq Təşəbbüs - Beynəlxalq İdman Həyəcanı proqramı, British Council və Youth Sport Trust tərəfindən icra olunan Fiziki Tərbiyə və Məktəblərarası Əlaqələr komponenti çərçivəsində həyata keçirilir.