İQTİSADİYYAT
Azərbaycanda neft geologiyasının yaranması və inkişaf tarixi ilə bağlı kitab işıq üzü görmüşdür
Bakı, 9 iyul (AZƏRTAC). “Prometeydən bu günə qədər. Azərbaycanda neft geologiyasının yaranması və inkişaf tarixi” kitabı işıq üzü görmüşdür.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, kitabın baş məsləhətçisi şirkətin birinci vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt Yusifzadədir. Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti, “Nobel Oil” və “Oil & Gas ProServ” şirkətlərinin dəstəyi ilə nəşr edilmiş kitab Azərbaycan neft sənayesinin aparıcı sahələrindən sayılan neft geologiyasının inkişaf mərhələlərindən bəhs edir.
Geniş oxucu auditoriyasına hesablanmış kitabda neftin əmələ gəlməsi ilə bağlı indiyədək mövcud olan müxtəlif nəzəriyyələr təhlil edilmiş, Azərbaycanda XIX əsrin ortalarından başlayaraq bu günədək neft geologiyasının inkişaf tarixi xronoloji ardıcıllıqla araşdırılmış və sistemləşdirilmişdir. Kitaba əlavədə Xəzər dənizinin neft-qazlılığı və Azərbaycan ərazisində yerləşən palçıq vulkanları, habelə nadir geoloji və geomorfoloji təbii obyektlər olan dördüncü dövr Binəqədi heyvanat qəbiristanlığı, Qirməki və “Yanar Dağ” təbiət abidələri ilə bağlı materiallar əsərin məzmununu daha da dolğunlaşdırır.
Kitabın müəllifləri ARDNŞ-nin strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri, geologiya-mineralogiya elmləri doktoru, Rusiyanın Təbiət Elmləri Akademiyasının xarici üzvü Akif Nərimanov və uzun illər neft-qaz sənayesində çalışmış Rafiq Abdullayevdir.