SİYASƏT
AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİ DEMOKRATİK, ŞƏFFAF VƏ ƏDALƏTLİ KEÇMİŞDİR
AZƏRTAC xəbər verir ki, Avropanın 11 ölkəsindən olan 41 parlament üzvündən ibarət beynəlxalq müşahidəçi qrupu Azərbaycanda prezident seçkilərinin yekunları ilə əlaqədar oktyabrın 16-da mətbuat konfransı keçirmişdir.
Seçkilərin demokratik, azad və ədalətli keçdiyini söyləyən qrupun rəhbəri Deste Alayn Bakı, Sumqayıt, Lənkəran və Qubada 320 seçki məntəqəsində müşahidə apardıqlarını, müşahidəçilərin verdikləri hesabata əsasən, səsvermə zamanı heç bir ciddi problemin olmadığını bildirmişdir. Məntəqələrdə müşahidəçilərin iştirakı ilə səslərin hesablanmasının açıq və şəffaf keçirildiyi də diqqətə çatdırılmışdır.
Çıxış edənlər Azərbaycanın ATƏT və Avropa Şurasının qətnamələrini, habelə ölkəmizin həmin beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsini yüksək qiymətləndirmiş, son illər respublikanın dinc və sabit ölkə olduğunu sübut etdiyini diqqətə çatdırmışlar.