SİYASƏT
AZƏRBAYCANDA QADINLARIN NİKAHA DAXİLOLMA ÜZRƏ YAŞ HƏDDİNİN ARTIRILMASI PLANLAŞDIRILIR
Bakı, 27 oktyabr (AZƏRTAC). Azərbaycanda qadınların nikaha daxilolma üzrə yaş həddinin artırılması planlaşdırılır.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli demişdir ki, bu məqsədlə parlamentin payız sessiyasında Ailə Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur.
Komitə sədrinin sözlərinə görə, Ailə Məcəlləsində qadınların nikaha daxilolma üzrə yaş həddi 17-dən 18-ə qaldırılacaqdır. Hazırda bu məsələ çox ciddi müzakirə olunur. Qızlar ailə qurmağa həm fiziki, həm də mənəvi cəhətdən hazır olmalıdırlar.
H.Rəcəbli demişdir ki, qanunvericilikdə 17 və 16 yaşında qızların ailə qurmasına da istisna hallarda icazənin verilməsi nəzərdə tutulacaqdır.
Ailə Məcəlləsinə ediləcək dəyişikliklərdən daha biri nikaha daxilolma zamanı sağlamlıq haqqında arayışın tələb edilməsi ilə bağlı olacaqdır. Sağlamlıq arayışının hansı xəstəliklərə görə tələb olunacağı da müəyyənləşdiriləcəkdir.