İQTİSADİYYAT
Azərbaycanda qaz hasilatı 2015-ci ildə 20 milyard kubmetrə çatacaqdır
Bakı, 7 iyun (AZƏRTAC). Azərbaycanda yeraltı laylara vurulan qaz istisna olmaqla qaz hasilatı 2015-ci ildə 20 mİlyard kubmetrə çatacaq, 2025-ci ildə isə bu rəqəm 40 milyard kubmetr təşkil edəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən 19-cu Beynəlxalq Xəzər neft-qaz konfransında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə demişdir.
X. Yusifzadə bildirmişdir ki, hazırda “Azəri-Çıraq-Günəşli” strukturunun qaz ehtiyatı 350 milyard kubmetr təşkil edir, buradakı kondensat ehtiyatı isə 45 miLyon tondur.
“Şahdəniz” yatağında qaz ehtiyatı 1,3 trilyon kubmetr, kondensat ehtiyatı isə 240 milyon ton təşkil edir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci fazası çərçivəsində illik qaz hasilatı 16 milyard kubmetr təşkil edəcək, yatağın birinci və ikinci fazalarının işlənilməsi nəticəsində isə qaz hasilatı 26 milyard kubmetrə çatdırılacaqdır.
ARDNŞ-in birinci vitse-prezidenti diqqətə çatdırmışdır ki, “Ümid” yatağının qaz ehtiyatı 200 milyard kubmetr, kondensat ehtiyatı 40 milyon ton, “Babək” yatağında isə müvafiq olaraq 400 milyard kubmetr qaz təşkil edir.
X. Yusifzadə bildirmişdir ki, yaxın gələcəkdə ARDNŞ Almaniyanın “RWE” şirkəti ilə “Naxçıvan”, “bp” şirkəti ilə isə “Şəfəq-Asiman” strukturlarında kəşfiyyat işlərinə başlayacaqdır.