İQTİSADİYYAT
Azərbaycanda rabitə xidmətlərinin keyfiyyəti yoxlanılacaqdır
Bakı, 12 may (AZƏRTAC). Yaxın vaxtlarda Azərbaycanda rabitə xidmətlərinin keyfiyyəti xüsusi standartlarla yoxlanılacaqdır. Yoxlama prosesi 1-2 ay davam edəcəkdir. Onun nəticələrindən asılı olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər veri ki, bu barədə jurnalistlərə məlumat verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirmişdir ki, proses “Bakı 2015” birinci Avropa Oyunları ərəfəsində aparılacaqdır.
Nazir Azərbaycanda 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarında rabitə xidmətlərinin yüksək səviyyədə təşkili məqsədilə artıq bir neçə texnoloji şirkətə müraciət edildiyini bildirmişdir.
Ölkədə rabitə sahəsində aparılan islahatların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan nazir Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014” (“The Global Information Technology Report 2014”) adlı illik hesabatın nəticələrindən söz açmışdır.
Qeyd olunmuşdur ki, ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən “Şəbəkələşmə hazırlığı indeksi” göstəricisinə görə Azərbaycan ötən ilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlmişdir.
Azərbaycanın 20-dən artıq göstərici üzrə MDB ölkələri arasında lider mövqe qazandığını vurğulayan Ə.Abbasov xüsusən respublikamızın “Ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi” reytinqində birinci yerə sahib olmasını yüksək dəyərləndirmişdir.