ELM VƏ TƏHSİL
Azərbaycanda radon qazı ilə bağlı tədqiqatların nəticələri Avropanın müvafiq xəritəsinə daxil edilib
![](/files/galleryphoto/2015/3/1200x630/14478432562059440288_1200x630.jpg)
![](/files/galleryphoto/2015/3/1200x630/14478432565989212738_1200x630.jpg)
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan ərazisində radon qazının miqdarı ilə bağlı aparılmış tədqiqatların nəticələri “Avropanın qapalı mühitlərində radonun yayılma xəritəsi”nə daxil edilib. Avropa Komissiyası tərəfindən tərtib edilən elektron xəritədə ölkəmizin də ərazisi radon qazının yayılma göstəriciləri ilə əks olunur.
Məlum olduğu kimi, Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağciyər xərçəngi törədə bilir və xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikinci yeri tutur.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutundan (GGİ) AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin alimləri 2010-cu ildən etibarən ölkədə radon qazının yayıldığı ərazilərin müəyyənləşdirilməsi və sağlamlığa mənfi təsir göstərə bilən riskinin azaldılması istiqamətində tədqiqatlar aparır. İnstitutun geoloji mühitin qamma-spektrometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev, çökmə hövzələrinin flüid dinamikası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev və İsveçrənin Tətbiqi Elmlər Universitetinin (TEU) alimlərinin birgə başladıqları tədqiqatlar indiyədək qitənin digər ölkələri ilə də birgə davam etdirilib.
Alimlərimiz tədqiqatların hazırkı nəticələri ilə bağlı bu günlərdə İtaliyanın Verbaniya şəhərində Avropa Komissiyası tərəfindən təşkil olunmuş “Avropanın təbii radiasiyalar atlası” üzrə beynəlxalq seminarda çıxış ediblər. “Azərbaycanda qapalı mühitdə radon təcrübəsi” mövzusunda məruzə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Seminara 29 ölkə və beynəlxalq qurumu təmsil edən 30-dan çox alim və mütəxəssis qatılıb.
Son beş ildə İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi və GGİ-nin vəsaiti hesabına aparılmış tədqiqatlar nəticəsində radon qazının əsasən dağlıq ərazilərimizdəki bir sıra yaşayış binalarında normadan artıq olduğu müəyyənləşdirilib. Bu məlumatlar əsasında 2013-cü ildə “Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi” tərtib olunub.
Araşdırmalarda Avropa təcrübəsini tətbiq etmək üçün Ç.Əliyev və Ə.Feyzullayev TEU-da, həmçinin Polşa Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunda təşkil olunan beynəlxalq konfrans və seminarlarda, görüşlərdə iştirak ediblər. Azərbaycan alimləri yalnız Avropada deyil, digər qitələrdəki həmkarları ilə birgə radon təhlükəsinin azaldılması istiqamətində təcrübələrini bölüşüb, birgə tədqiqat imkanlarını müzakirə ediblər. Planetin müxtəlif yerlərində radon təhlükəsi ilə bağlı araşdırmaların nəticələri və yeni tədqiqat imkanlarına dair məruzələr dinlənilib. Bu tədbirlərdə GGİ alimlərinin də təqdimatları və təşəbbüsləri böyük maraq doğurub, ümumi işə töhfə verib.
Ç.Əliyev bildirib ki, bəzi ölkələr layihəyə yeni qoşulduğuna görə xəritə hazırda bütün Avropanı əhatə etmir. Tədqiqatlar qitə boyu genişləndikcə xəritə yenilənəcək.