SİYASƏT
AZƏRBAYCANDA SEÇKİ MƏDƏNİYYƏTİ YÜKSƏKDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 16-da “Hyatt Regency-Naxçıvan” mehmanxanasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlamışdır.
Bildirilmişdir ki, müşahidəçilərin seçki günü məntəqələrdəki səsvermənin və seçici fəallığının vəziyyəti, müşahidə etdikləri qanun pozuntuları və s. barədə məlumatlar qurumun seçki qərargahı tərəfindən toplanaraq təhlil edilmişdir. AVCİYA ilkin məlumatlara görə, ölkə üzrə bəzi məntəqələrdə cüzi pozuntular istisna olmaqla, seçkilərin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə, beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli keçirildiyini vurğulayır və bu seçkilərin vətəndaş cəmiyyəti quruculuğunda mühüm mərhələ olduğunu bəyan edir.
Tədbirdə AVCİYA-nın “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ilə birgə 800 seçki məntəqəsində “exit-poll” sorğusu keçirdiyi və sorğunun nəticələrinə görə prezidentliyə namizəd İlham Əliyevin rəyi soruşulanların 82,6 faizinin səsini qazanaraq digər namizədləri böyük fərqlə geridə qoyduğu diqqətə çatdırılmışdır.
Bolqarıstanlı müşahidəçi İlya Bojinov son illər Azərbaycanda seçki mədəniyyətinin olduqca yüksəldiyini vurğulamış, 2008-ci il prezident seçkilərinin Avropa standartlarına uyğun keçirilməsi istiqamətində görülmüş tədbirləri yüksək dəyərləndirmişdir.