SİYASƏT
AZƏRBAYCANDA SEÇKİLƏR GÖZƏÇARPAN İRƏLİLƏYİŞLƏ KEÇMİŞDİR
AZƏRTAC xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB), Avropa Şurasının Parlament Assambleyası (AŞPA) və Avropa Parlamentinin (AP) müşahidəçiləri oktyabrın 16-da mətbuat konfransı keçirmişlər.
DTHİB-in seçki müşahidə missiyasının rəhbəri Boris Frlets bildirmişdir ki, sakit şəraitdə keçən seçkilərdə nəzərəçarpan nailiyyətlər, irəliləyişlər var. Hakimiyyət və Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin hamısı üçün bərabər şərait yaratmışdı. Biz müsbət nəticələr müşahidə etdik. Ümumilikdə seçki günündə məntəqələrdəki proses müsbət qiymətləndirilməlidir. ATƏT nümayəndəsi səmərəli əməkdaşlığa görə Azərbaycan hakimiyyətinə minnətdarlığını bildirmiş, demokratiya yolu ilə irəliləyişində ölkəmizə uğurlar arzulamışdır.
AŞPA nümayəndə heyətinin rəhbəri Andres Herkel bəzi müxalifət nümayəndələrinin seçkiləri boykot etməsini səhv strategiya kimi qiymətləndirmişdir.
AP nümayəndə heyətinin rəhbəri Marie Anne İsler Bequin bildirmişdir ki, hazırda missiya tərəfindən seçkilərin təşkilinin qiymətləndirilməsi ilə bağlı araşdırmalar aparılır. Yekun rəy isə bir qədər sonra açıqlanacaqdır. Səsvermə günü aparılan müşahidələr göstərmişdir ki, seçkilər yaxşı hazırlanmışdır və sakit, əmin-amanlıq şəraitində keçmişdir. Avropa Parlamenti bundan sonra da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Dağlıq Qarabağ münaqişəsinin narahatedici məsələ olduğunu vurğulayan AP nümayəndəsi problemin sülh yolu ilə həllini tapacağına ümid etdiyini söyləmişdir. O vurğulamışdır ki, seçkilər zamanı müşahidə olunan irəliləyiş münaqişənin sülh yolu ilə həllini tapacağına da işarədir.
Mətbuat konfransında seçkilərin ATƏT-in və Avropa Şurasının standartlarına cavab verdiyi bildirilmişdir.