SİYASƏT
AZƏRBAYCANDA SEÇKİLƏR MÖVCUD QANUNVERİCİLİYİN TƏLƏBLƏRİNƏ UYĞUN KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 16-da Estoniya, Latviya və Polşadan olan 6 nəfər parlament üzvündən ibarət beynəlxalq müşahidəçi qrupu Azərbaycanda keçirilən prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirmişdir.
Estoniya parlamenti sədrinin birinci müavini xanım Kristina Oyuland bildirmişdir ki, Azərbaycanda prezident seçkiləri Avropa standartlarına uyğun keçirilmişdir. Bu nəticə missiyanın təkcə seçki günündə deyil, Azərbaycanda olduğu üç gün ərzində apardığı müşahidələr, keçirdiyi görüşlər, prezidentliyə namizədlər və seçicilərlə apardığı söhbətlər əsasında formalaşmışdır. Seçkiləri Hacıqabulda müşahidə etdiyini deyən xanım Oyuland burada seçkilərin çox yüksək səviyyədə hazırlandığının və keçirildiyinin şahidi olduğunu vurğulamışdır.
Milli Məclisin dəvəti ilə Azərbaycanda müşahidə aparan Polşa Senatının üzvləri Yan Sepyol və Stanislav Zayonts Azərbaycanda demokratik seçkilərin baş tutduğunu bildirmişlər. Seçkilərin sakit şəraitdə keçdiyi, heç bir mənfi halın qeydə alınmadığı xüsusi vurğulanmışdır.
Latviya Seyminin üzvü Daynis Turlays, Estoniya parlamentinin üzvləri Eldar Əfəndiyev və xanım Yana Krimpe demişlər ki, biz seçkiqabağı müddətdə ölkədə olan beynəlxalq təşkilatların hesabatları ilə tanış olmuşduq, Avropa Şurasının hesabatına əsasən, seçki prosesinin beynəlxalq standartlara uyğun şəkildə həyata keçəcəyinə ümidvar idik. Ümidlərin tam doğrulduğunu deyən qrup üzvləri səsvermənin gedişinin izlənməsi və səslərin hesablanması prosesində sərbəst iştirak etdiklərini heç bir ciddi problemin olmadığını bildirmişlər.
Bu seçkilərin Avropa ölkələri tərəfindən izlənməsi marağında olan Azərbaycanın bununla regionda demokratik ölkə olduğunu bir daha təsdiqləməsi xüsusi vurğulanmışdır.
Bəzi müxalifət partiyalarının seçkilərdə iştirakından imtinasına gəlincə, müşahidəçilər bildirmişlər ki, seçkilər prosesin qeyri-şəffaflığı haqqında iddiaları puç etdi. Seçicilərin 7 namizəd arasında seçim imkanı var idi və onlar azad seçim edə bildilər. Azərbaycanda seçkilər mövcud qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir.