CƏMİYYƏT
AZƏRBAYCANDA ÜRƏK XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİ AVROPA STANDARTLARINA UYĞUNLAŞDIRILIR
Avropada tətbiq olunan müalicə sistemlərindən istifadə etmək məqsədi ilə ölkə kardioloqları üçün klinik protokollar hazırlanır.
Akademik Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Rafail Daşdəmirov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, artıq işemiya xəstəliyi üzrə klinik protokol hazırlanmışdır. Müxtəlif dərman preparatlarının çoxluq təşkil etdiyi dövrdə bu sənəd hər bir həkimə ürək xəstəliyinin müalicəsini hansı istiqamətdə aparmasına kömək edəcək.
Hazırda isə respublikanın tanınmış kardioloqlarının birgə iştirakı ilə hipertoniya xəstəliyinə aid klinik protokol hazırlanır. Metodik vəsaitin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.