İQTİSADİYYAT
AZƏRBAYCANDA YENİ RABİTƏ OBYEKTLƏRİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Bakı, 9 may (AZƏRTAC). Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) müəssisələrində yeni rabitə obyektləri istifadəyə verilmişdir.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən bu günlərdə Suraxanı rayonunun “Bahar” bağlar yaşayış massivində 512 nömrə tutumu olan yeni ATS istifadəyə verilmişdir. Eyni zamanda, Əzizbəyov rayonunun Albalılıq yaşayış massivindəki mövcud ATS-in abunə tutumunun 440 nömrə, Hövsan qəsəbəsində EATS 456-nın abonent tutumu isə 512 nömrə artırılmışdır.
Həmçinin. BTRİB tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində Xətai Telefon Qovşağında yeni müasir tipli abunə şöbəsinin əhalinin istifadəsinə verilməsi, eləcə də “Heydər Əliyev və Azərbaycan Respublikası rabitəsinin inkişaf mərhələsi” mövzusunda silsilə mərasimlərin təşkil olunması nəzərdə tutulur.
Ümummilli liderin anadan olmasının 87-ci ildönümü münasibətilə “Azərpoçt” MMC də yeni obyektlər istifadəyə verməyi planlaşdırır. Dahi rəhbərin doğum günündə Şəki rayonunun Baltalı, Qusarın rayonunun Düztahir və Xaçmaz rayonunun Həsənqala kəndlərində poçt şöbələrinin yeni binaları əhalinin istifadəsinə veriləcəkdir. Yeni binalar müasir texniki avadanlıqlarla və mebellə təmin olunmuşdur.