SİYASƏT
Azərbaycandakı dini dözümlülük, müxtəlif dini icmalar üçün yaradılmış şərait avropalı deputatlar tərəfindən yüksək qiymətləndirilmişdir
Bakı, 26 yanvar (AZƏRTAC). “AŞPA-nın qış sessiyasında Azərbaycandakı dini dözümlülük, müxtəlif dini icmalar üçün yaradılmış şərait avropalı deputatların rəğbətinə səbəb olmuşdur”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yanvarın 26-da keçirdiyi mətbuat konfransında bildirmişdir.
S.Seyidov demişdir ki, AŞPA-nın bu günlərdə Strasburqda keçirilmiş qış sessiyasında Azərbaycanda Katolik kilsənin, sinaqoqların tikilməsi və Rus Provaslav kilsənin azərbaycanlı iş adamının vəsaiti hesabına təmir olunduğu avropalı deputatların diqqətinə çatdırılmışdır. O da qeyd olunmuşdur ki, Azərbaycandakı tolerantlıq və dini icmalara yaradılmış şərait başqa dövlətlər üçün hər zaman nümunə göstərilmişdir.
Avropalı deputatlar bu faktları müsbət qarşılamış və öz çıxışlarında qeyd etməklə yanaşı, yüksək qiymətləndirmişlər.