MƏDƏNİYYƏT
Azərbaycandakı tarixi abidələr mərhələli şəkildə bərpa və konservasiya olunacaqdır
Bakı, 23 yanvar (AZƏRTAC). Azərbaycan ərazisində qeydiyyatda olan 6 min 500 dən çox tarixi abidə mövcuddur ki, bunlardan da 45-i dünya əhəmiyyətli abidələr siyahısına daxildir. Təxminən minə yaxını abidə ölkə, qalanları isə yerli əhəmiyyətlidir. Bu tarixi abidələrin bərpaya və konservasiyaya ehtiyacı vardır. Bununla əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidələr mərhələli şəkildə bərpa və konservasiyası ilə bağlı uzunmüddətli proqram hazırlanmışdır.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev AZƏRTAC-a bildirmişdir ki, ölkə ərazisindəki abidələrin kompleks şəkildə yoxlanılması aparıldıqdan sonra onların vəziyyəti araşdırılmış və dövlət proqramı hazırlanaraq əlaqədar qurumlara təqdim edilmişdir. Son beş ildə ölkə üzrə 30 yaxın abidədə elmi-tədqiqat işi aparılmış və onlardan bəziləri bərpa və konservasiya olunmuşdur. Abidələrin bərpa, konservasiya layihələri ilə birlikdə, onların istifadə layihələri də hazırlanmışdır.
Azərbaycanın Gürcüstanla sərhədində yerləşən “Sınıq körpü” tarixi-memarlıq abidəsinin də bərpası nəzərdə tutulmuşdur. İki ölkə arasında imzalanmış razılaşma protokoluna əsasən abidənin bərpa layihəsi artıq hazırlanmışdır. Ərazidə, həmçinin arxeoloji tədqiqat işlərinin də aparılması nəzərdə tutulmuşdur.