SİYASƏT
Azərbaycanın beynəlxalq miqyasda qazandığı uğurlar Niderlandda hər zaman yüksək qiymətləndirilmişdir
Bakı, 11 İyun (AZƏRTAC). Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov Amsterdamda işgüzar naharda çıxış edərək Azərbaycanın surətli iqtisadi inkişafı haqqında məlumat vermiş, enerji təhlükəsizliyi məsələsində ölkəmizin Avropanın etibarlı tərəfdaşı olduğunu bildirmişdir.
Azərbaycan ilə Niderland arasında siyasi dialoqun daha da intensivləşdirilməsinin vacibliyini vurğulayan nazir regional təhlükəsizlik məsələsinə toxunmuş, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparıldığını bildirmişdir.
Rəsmi Yerevanın münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymadığını deyən E.Məmmədyarov Azərbaycanın problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu bildirmişdir.
Xarici işlər naziri Uri Rosental Azərbaycanın beynəlxalq miqyasda qazandığı uğurların Niderlandda hər zaman yüksək qiymətləndirildiyini, ölkəmizin “Eurovision-2012” mahnı müsabiqəsini yüksək səviyyədə təşkil etdiyini bildirmişdir.
Azərbaycanın Niderlandda təşkil olunan “Floriade-2012” beynəlxalq sərgisində uğurla təmsil olunduğunu deyən U.Rosental ölkəmizin sürətli iqtisadi inkişafını, Avropanın enerji təhlükəsizliyinin təminində rolunu xüsusi qeyd etmişdir.
Niderlandın Azərbaycan ilə siyasi dialoqun daha da gücləndirilməsində maraqlı olduğu bildirilən naharda iqtisadi əlaqələrin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilmişdir.