İDMAN
Azərbaycanın dağ idman klubu Gürcüstanda toplanışlarını başa çatdırıb
Bakı, 26 avqust (AZƏRTAC). Azərbaycanın dağ idman klubu Gürcüstanda toplanış proqramını uğurla başa çatdırıb.
Azərbaycan Alpinizm Federasiyasından AZƏRTAC-a bildiriblər ki, klubun təlim-məşq toplanışları Gürcüstanın Cuta kəndinə yaxınlığında Çauxi dağ massivində avqustun 10-dan 25-dək on iki nəfərin iştirakı ilə keçirilib.
Toplanış iştirakçıları idman hazırlıqlarından asılı olaraq bir neçə qrupa bölünüb. Qeyri-sabit hava şəraitinə baxmayaraq alpinistlər on gündə Tikanadze, Takaişvili və Rçeulişvilidə “2A” kateqoriyalı üç marşrutu keçə biliblər.
İdmançıların ikinci qrupu Kameroni (3B) və Cavaxişvili (3A) zirvələrinə qalxıb. Dmitriy Şiyanov və Denis Leusov alpinist ikiliyi Leonidze zirvəsinə “4B” kateqoriyalı qaya-buz marşrutu ilə qalxıb.
Bundan başqa, turist qrupu Çauxi massivi ətrafında dörd günlük turist yürüşü həyata keçirib.
Təlim-məşq toplanışları başa çatdıqdan sonra dörd alpinist - Səbinə Naxmedova, Nadejda Manuilova, Sergey Telegin və Denis Leusov Kazbekə tərəf üz tutub və avqustun 24-də oraya çıxıblar.