SİYASƏT
AZƏRBAYCANIN ƏDLİYYƏ NAZİRİ ATƏT-İN BAKI OFİSİNİN RƏHBƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Bakı, 3 iyun (AZƏRTAC). İyunun 3-də Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Əli Bilge Cankorel ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkəmizin ATƏT-lə səmərəli əməkdaşlıq etdiyini vurğulayan nazir Azərbaycanda aparılan uğurlu məhkəmə-hüquq islahatları, hakimliyə namizədlərin ən mütərəqqi və demokratik qaydalarla seçilməsi və bu sahədə tədrisin səviyyəsi, habelə ədliyyə orqanlarının inkişafı, penitensiar sistemin müasirləşdirilməsi istiqamətində işlər barədə məlumat vermiş, həyata keçirilən tədbirlərdə ATƏT-in fəal iştirakını və dəstəyini vurğulamışdır.
Qonaq Azərbaycanda ədliyyə və məhkəmə sisteminin inkişafı sahəsində görülən işləri, əldə olunan müsbət nəticələri bəyəndiyini bildirmiş, təmsil etdiyi qurumun bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduğunu söyləmişdir.
Əli Bilge Cankorel bu günlərdə istifadəyə verilmiş Bakı istintaq təcridxanasında yaradılmış ən müasir şəraitlə yaxından tanış olduğunu bildirərək, görülən işləri yüksək qiymətləndirmişdir.
Görüşdə, həmçinin insan hüquqlarının qorunması, məhkəmə sahəsində bir sıra layihələrin həyata keçirilməsi, hakimlərlə müxtəlif tədris tədbirlərinin təşkili, o cümlədən ATƏT-lə əməkdaşlıq çərçivəsində Məhkəmə-Hüquq Şurasında təlimlərin keçirilməsi üçün məhkəmə iclas zalının yaradılması və zəruri avadanlıqla təchiz olunması qeyd edilmiş, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.
Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.
######