MƏDƏNİYYƏT
Azərbaycanın hər bölgəsinin özünəməxsus gözəlliyi var
Quba, 21 avqust (AZƏRTAC, Elxan Yusifli). Avqustun 20-də Qusarın, bu gün isə Qubanın görməli yerlərini gəzdik. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən bu tur-aksiya bizə Azərbaycanın şimal bölgəsini gəzmək, bu regionun tarixi, mədəniyyəti, təbiəti, xeyirxah insanları ilə yaxından tanış olmaq imkanı yaratdı. İki gün ərzində olduğumuz Şabran, Quba və Qusar rayonları məsafə etibarı ilə çox yaxın olsa da hər birinin özünəməxsus görünüşü, təbiəti, insanları var.
Bu sözləri Mingəçevir şəhər 18 nömrəli məktəbin şagirdi Pərvanə Allahverdiyeva AZƏRTAC-a müsahibəsində dedi. Dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirilən bu tur-aksiyadan məmnunluğunu ifadə edən məktəbli ekskursiyaya qoşulan məktəbliləri təbrik etdi. Bildirdi ki, ekskursiya proqramına əsasən, gün ərzində bir neçə maraqlı yerlərdə olub xeyli yeni faktlarla tanış oluruq. Olduğumuz yerlər haqqında tur-aksiyaya başlayanadək bildiklərimiz indi öyrəndiklərimizin yanında çox azdır. Anladım ki, Vətəni tanımaq üçün yurdumuzu gəzmək, rayonlarda, kəndlərdə olmaq vacibdir.