MƏDƏNİYYƏT
Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun xatirəsinə həsr olunmuş “Ölməzlik” kitabının təqdimat mərasimi keçirilmişdir
Bakı, 4 iyul (AZƏRTAC). Görkəmli hərbi və ictimai-siyasi xadim, ilk azərbaycanlı sərhədçi general Mustafa Nəsirovun xatirəsinə həsr olunmuş “Ölməzlik” kitabının təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Veteranlar Şurasının üzvləri, ziyalılar, hərbçilər, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.
Tədbirdə kitabın müəllifi, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani mərhum general-mayor Mustafa Nəsirovun peşəkar hərbçi kimi xidməti fəaliyyətindən, milli sərhədçi kadrların yetişdirilməsindəki rolundan danışmışdır. O qeyd etmişdir ki, qısa müddət ərzində ərsəyə gələn bu topluda görkəmli hərbçi, ictimai-siyasi xadim Mustafa Nəsirovun nəsillərə örnək olan çətin və şərəfli həyat yolundan, Vətənə, xalqa həsr edilən xidmətlərindən, yüksək insani keyfiyyətlərindən və xeyirxah əməllərindən bəhs olunur.
Vurğulanmışdır ki, 1942-ci ildə döyüş cəbhəsindən Saratov Sərhəd Qoşunlarının hərbi məktəbinə göndərilən Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr etmişdir. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında xidmət etmişdir. Sonralar Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışmışdır. 1962-1968-ci illərdə isə Naxçıvan Sərhəd Dəstəsinin komandanı olmuşdur. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.
Tədbirdə akademik İsmayıl İbrahimov, istefada olan general-mayor Bahadur Hüseynov, Respublika Veteranlar Şurasının sədr müavini Surxay Tağızadə, Xalq Yazıçısı Çingiz Abdullayev, polkovnik Cəlil Xəlilov və başqaları ömrünün 45 ilini sərhədlərimizin müdafiəsinə həsr etmiş Mustafa Nəsirov ilə bağlı xatirələrini danışmışlar.
Bildirilmişdir ki, bu kitab 40 gün bundan əvvəl dünyasını dəyişən generalın xatirəsinə hörmət və ehtiramın ifadəsi olmaqla yanaşı, həm də şərəfli hərbçi peşəsini seçənlər, taleyini həmişəlik müqəddəs sərhədlərimizin qorunmasına həsr edənlər üçün bələdçi ola bilər. Onun xidmətləri ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirildiyi kimi, Prezident İlham Əliyev də 90 illik yubileyi münasibətilə Mustafa Nəsirovu “Şöhrət” ordeni ilə təltif etmişdir.