ELM VƏ TƏHSİL
Azərbaycanın ilk veb-saytı - www.science.az 20 yaşını qeyd edib
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda www.science.az veb-saytının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə 1995-ci ildə ölkədə ilk veb-sayt – AMEA-nın rəsmi saytının yaradıldığını bildirib.
A.Əlizadə bu il akademiyanın 70 illik yubileyi çərçivəsində portalın yeni versiyasının istifadəyə verildiyini, Azərbaycan Milli Elmlər Akademiyasının ölkəmizdə ilk elmi internet-televiziya olan “ElmTV” veb-telekanalının yaradıldığını və portalda yayımlandığını vurğulayıb.
AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev “www.science.az saytının meydana gəlməsi, inkişaf mərhələləri və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. R.Əliquliyev Azərbaycanda İnternet-medianın inkişafında mühüm xidmətləri olan science.az veb-saytının 20 ildə keçdiyi yoldan danışıb, bu media resursunun ölkənin informasiya məkanında xüsusi yeri olduğunu bildirib. Qeyd edib ki, informasiya portalı özündə Azərbaycan, rus və ingilis dillərində 25 minə yaxın veb-səhifəni əks etdirir. Sayta müraciət edənlərin statistik göstəricilərinə gəlincə, hər gün veb-resursa 6 minə yaxın istifadəçi müraciət edir, aylıq auditoriya təxminən 180 min nəfər təşkil edir, il ərzində isə portala 2 milyona yaxın oxucu müraciət edir. Akademik portalda 2004-2015-ci illər ərzində müxtəlif tədbirlərdən çəkilən 60 000-dən çox foto, audio və videomaterialların toplandığını, bu materialların Azərbaycan elminin tarixi salnaməsinə çevrildiyini söyləyib.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov internet-medianın, onun tərkib hissəsi olan sosial medianın cəmiyyətdə rolu, science.az veb-saytının Azərbaycan elminin təbliğində yeri, ölkəmizdə ilk internet-jurnalistika məktəbi kimi meqaportalın imkanlarından söz açıb.
Sonra AMEA-nın “ElmTV” İnternet-televiziyasının elmtv.az saytının təqdimatı olub.
Tədbirin sonunda science.az veb-saytında səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşlar “AMEA-nın Fəxri Diplomu” ilə təltif olunub, xatirə hədiyyələri ilə mükafatlandırılıblar.