SİYASƏT
Azərbaycanın İordaniyadakı səfiri bu ölkədə keçirilən “Çanaqqala şəhidlərinin” anma mərasimində iştirak etmişdir
Bakı, 18 mart (AZƏRTAC). Martın 18-də Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov “Çanaqqala şəhidlərinin” anma mərasimində iştirak etmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbir Türkiyənin İordaniyadakı səfirliyinin təşkilatçılığı ilə Salt şəhərində yerləşən və Birinci Dünya müharibəsi zamanı bu ərazilərdə şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılan “Salt Türk Şühitliyi” memorial kompleksində keçirilmişdir.
Tədbirdə Pakistan, Avstraliya və Qazaxıstanın İordaniyadakı səfirləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin hərbi attaşeləri, Türkiyə-İordaniya cəmiyyətinin təmsilçiləri, eləcə də burada yaşayan azərbaycanlılar iştirak etmişlər.
S.Ağabəyov Azərbaycan Respublikası adından türk şəhidliyi abidəsinin önünə əklil qoymuş, xatirə dəftərinə ürək sözlərini yazmışdır.
Sonra memorial kompleksin ərazisi ilə tanış olan diplomat “Şəhidlik məzarı”nı və muzeyi ziyarət etmişdir.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.