SİYASƏT
Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında dostluq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunmuşdur
İsmayıllı, 7 sentyabr (AZƏRTAC). İsmayıllı şəhər 1 nömrəli tam orta və Yaponiyanın İto şəhər məktəblərinin dostluq münasibəti iki şəhərin qardaşlaşmasına gətirib çıxarmışdır.
Bu sözlər Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe ilə İsmayıllı Rayon Icra Hakimiyyətində keçirilmiş görüşdə deyilmişdir. Bildirilmişdir ki, İto şəhərinin nümayəndələri ötən il və bu il 2 dəfə İsmayıllıya gəlmişlər.
Səfir Şusuke Vatanabe İto şəhər məktəblilərinin İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin şagirdlərinə yazdıqları cavab məktubunu, habelə yeni məktubu da təqdim etmişdir. Məktuba şagirdlərin şəkilləri, təhsil aldıqları məktəbin yerləşdiyi ərazinin xəritəsi də əlavə olunmuşdur.
Görüşdə iki şəhər arasında mədəniyyət və turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə edilmişdir.