MƏDƏNİYYƏT
Azərbaycanın “Junior Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçiləri ilk əsas məşqlərinə çıxmışlar
Bakı, 29 noyabr (AZƏRTAC). Azərbaycanın “Junior Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçiləri noyabrın 28-də şounun reallaşacağı Amsterdamın əsas səhnəsində - “HMH Arena”da ilk əsas məşqlərini keçirmişlər.
Məşq saat 13.00-dan 16.30-dək davam etmişdir. Ömər Sultanov və Suada Ələkbərova “Girls and Boys” adlı müsabiqə mahnısının səs və performans məşqini başa çatdırmışlar. Eyni zamanda, səhnə və işıq dizaynı və digər texniki məsələlər də nəzərdən keçirilmişdir.
Dekabrın 1-də Amsterdamda keçiriləcək “Junior Eurovision-2012” mahnı müsabiqəsi 10-cu dəfə təşkil olunacaqdır.
Müsabiqədə 12 ölkə təmsil olunur. Onlardan 3-ü öz təmsilçisini bu şouya ilk dəfə göndərmişdir. Azərbaycan da uşaqların mahnı yarışmasında debüt edən ölkələrdəndir.
Azərbaycanı bu mahnı yarışında ilk dəfə 10 yaşlı Ömər Sultanov və 11 yaşlı Suada Ələkbərovadan ibarət duet təmsil edir.
Azərbaycan təmsilçiləri artıq müsabiqənin favoritləri sırasındadırlar.