İDMAN
Azərbaycanın karateçiləri “Paris Open” beynəlxalq turnirində iştirak edəcəklər
Bakı, 7 yanvar (AZƏRTAC). Yanvarın 10-dan 12-dək Fransanın paytaxtında karate üzrə “Paris Open” beynəlxalq turnir keçiriləcəkdir.
Azərbaycan Milli Karate Federasiyasından (AMKF) AZƏRTAC-a bildirmişlər ki, Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa silsiləsindən ənənəvi yarışda Azərbaycanı Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə 14 idmançıdan ibarət heyət təmsil edəcəkdir.
Heyətdə Məcid Əmirov (60 kq), Rafiz Həsənov, Niyazi Əliyev, Tural Ağalarzadə (hamısı 67 kq), Samir Məmmədov və Şahin Quluzadə (hər ikisi 75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Rəsul Əlizadə, Asiman Qurbanlı (hamısı 84 kq), Əli Cəfərov (84 kq-dan yuxarı), Tural Balcanlı (kata), Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) yer almışlar.
Parisdə WKF Premyer Liqasında beynəlxalq dərəcəli hakimlərimiz, AMKF-in vitse-prezidenti Yusif Məmmədov və AMKF Hakimlər komitəsinin sədri Cahangir Babayev ənənəvi turniri idarə edən referilər arasında olacaqlar.
Bu mötəbər yarışın favoritlərindən sayılan Rafael Ağayev (75 kq) dizindən əməliyyat olunduğuna görə “Paris Open”də iştirak edən heyətə daxil edilməmişdir. Fransaya yola düşmüş AMKF-in heyəti yanvarın 14-də vətənə dönəcəkdir.