İQTİSADİYYAT
Azərbaycanın kənd təsərrüfatı naziri beynəlxalq sərgidə iştirak etmək məqsədi ilə Almaniyada səfərdədir
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov “Beynəlxalq Yaşıl Həftə-2012” sərgisində iştirak etmək məqsədi ilə Almaniyada səfərdədir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində nazir “Mərkəzi və Şərqi Avropada, Mərkəzi Asiyada və Qafqazda qida məhsulları və kənd təsərrüfatı texnikalarının maliyyələşdirilmə sistemləri” mövzusunda keçiriləcək tədbirdə, eyni zamanda, “Yaşıl həftə” sərgisinin açılışında iştirak edəcəkdir. Həmçinin onun Azərbaycanın ölkə pavilyonu ilə tanışlığı və bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri ilə görüşü nəzərdə tutulmuşdur.
İ.Abasov kənd təsərrüfatı nazirlərinin zirvə görüşündə iştirak edəcəkdir.
Kənd təsərrüfatı naziri “Yaşıl həftə” sərgisi çərçivəsində Almaniyanın Şərqi və Mərkəzi Avropa Cəmiyyəti və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə “Azərbaycanda kənd təsərrüfatının inkişafı” mövzusunda çıxış edəcəkdir.