İQTİSADİYYAT
Azərbaycanın Londondakı səfiri Böyük Britaniyanın iş adamları ilə görüşmüşdür
Bakı, 20 aprel (AZƏRTAC). Azərbaycanın Londondakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, səfir F.Qurbanov aprelin 19-da Azərbaycana maraq göstərən Böyük Britaniya iş adamları ilə işgüzar görüş keçirmişdir.
Səfir Böyük Britaniya iş adamları qarşısında çıxış edərək, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolu və bu sahədə əldə olunan uğurlar, Azərbaycandakı işgüzar mühit və onun təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş iqtisadi islahatlar haqqında iştirakçılara ətraflı məlumat vermişdir. F.Qurbanov Azərbaycanın Böyük Britaniya ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinə mühüm önəm verdiyini qeyd edərək, iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı səviyyəsi və onun daha da inkişaf etdirilməsi perspektivləri haqqında danışmışdır.
Səfir tədbirdə iştirak edən şirkətlərin ölkəmizə marağını alqışlamış və onları ölkəmizdə özlərinə biznes tərəfdaşları tapmağa dəvət etmişdir. Həmçinin, ölkəmizdəki iqtisadi imkanlara dair yaxın zamanda Londonda və Bakıda keçiriləcək tədbirlər haqqında Böyük Britaniya iş adamlarına məlumat verilmişdir.
Çıxış tədbir iştirakçılarının marağına səbəb olmuş və məruzəçi tərəfindən onların çoxsaylı sualları cavablandırılmışdır. Görüş iştirakçılarına ölkəmizdəki işgüzar mühit və iqtisadi imkanlara dair məlumat kitabçaları paylanmışdır.