AZƏRBAYCANIN PRAVOSLAV İCMASINA
Sizi - Azərbaycanın bütün pravoslav xristianlarını müqəddəs Milad bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.
İsa peyğəmbərin mövludu ilə əlamətdar olan Milad günü bəşər tarixinin yeni bir dövrünün təməlini qoyan mühüm günlərdən biridir. Bütün dünya xristianlarının böyük təntənə ilə qeyd etdiyi Milad bayramı insanların dostluq, mehribanlıq və əmin-amanlıq arzularını özündə təcəssüm etdirir. Müxtəlif din və mədəniyyətlərin əsrlər boyu konstruktiv dialoqunu təmin etmiş Azərbaycanda Milad bayramı xalqımızın bütün dinlərə bəslədiyi dərin ehtiramı əyani şəkildə nümayiş etdirərək, həmişə geniş keçirilmişdir.
Müstəqil Azərbaycan Respublikası xalqımızın tolerantlıq, dini və etnik dözümlülük ənənələrinə sadiq qalaraq, ölkəmizin bütün dini icmalarının, o cümlədən pravoslav xristianların vicdan və dini etiqad azadlığını qanunvericiliklə təsbit etmiş, onlara öz dini ayin, mərasim və bayramlarını sərbəst şəkildə keçirmək üçün lazımi şərait yaratmışdır. Azərbaycanın pravoslav xristianları da ölkənin tamhüquqlu vətəndaşları kimi digər dini icmaların nümayəndələri ilə yanaşı, müstəqil Azərbaycan Respublikasının hərtərəfli inkişafı naminə əllərindən gələni əsirgəmir, ölkənin siyasi, sosial- iqtisadi və mədəni həyatında fəal iştirak edirlər.
Hörmətli həmvətənlər!
Sizi əmin etmək istəyirəm ki, Azərbaycan dövləti dinindən, dilindən və milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının xoşbəxt həyata qovuşmasına yönəldilmiş siyasi xəttini bundan sonra da əzmlə davam etdirəcəkdir.
Milad bayramı münasibətilə hamınızı bir daha təbrik edir, hər birinizə cansağlığı, səadət və bayram əhval-ruhiyyəsi, işlərinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
7 yanvar 2004-cü il.