İQTİSADİYYAT
Azərbaycanın qar yağan ərazilərində nəqliyyatın rahat hərəkəti ilə bağlı tədbirlər görülür
Bakı, 25 yanvar, AZƏRTAC
Respublikanın qar yağan ərazilərində tədbirlər görülür, buz bağlamış sahələrə duz, qum səpilərək hərəkət təmin olunur.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərində ASC-nin balansında olan yollarda və respublikanın digər avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur, hərəkət normaldır. Texnika, maşın-mexanizmlər hazır vəziyyətdədir, kifayət qədər duz-qum ehtiyatı var.
Qurumdan bildirilib ki, sürücülər müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar hazır olmalıdır. Əgər avtomobil texniki cəhətdən nasazdırsa və sürücü təcrübəsizdirsə xahiş olunur ki, nəqliyyat vasitələrindən mümkün qədər istifadə edilməsin. Qarlı-şaxtalı havada yola çıxarkən mütləq şəkildə avtomobillərin şinləri ən azından qış üçün nəzərdə tutulmuş olmalıdır. Əks təqdirdə həmin nəqliyyat vasitələrinin hərəkətində problem yaranacağı qaçılmazdır.
Vətəndaşlardan yollarda hərəkətlə bağlı yaranan hər-hansı bir problemlə əlaqədar olaraq “Azəryolservis” ASC-nin “qaynar xətt”i olan (012) 599-79-75 nömrəli telefona zəng etmələri xahiş olunur.