İQTİSADİYYAT
Azərbaycanın QH-də aktiv sədrliyi ölkəmizin geosiyasi mövqeyinin daha da güclənməsinə şərait yaradır
Bakı, 3 mart, AZƏRTAC
Ötən gün Bakıda Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirildi. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının daha aktiv şəkildə regional və qlobal proseslərə təsiri müşahidə olunmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, 120 dövləti birləşdirən hərəkat ölkələrin bir yerdə cəmləşdiyi ən böyük qrupdur. Bu, BMT-dən sonra qlobal olaraq ikinci ən böyük təşkilat hesab olunur. BMT üzvlərinin üçdə ikisinin birləşdiyi QH dünya əhalisinin 55 faizini özündə cəmləşdirir. Hərəkata üzv olan dövlətlərdə il ərzində 15 trilyon dollara yaxın ÜDM formalaşır. Bu, qlobal iqtisadiyyatın 15 faizindən çoxu deməkdir. Ötən il hərəkata üzv dövlətlərin 4,5 trilyon dollardan çox ixracatı olub.
“Azərbaycanın hərəkatın fəaliyyətində fəal iştirakı və aktiv sədrliyi, həmçinin ölkəmizin geosiyasi mövqeyinin daha da güclənməsinə şərait yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin son Zirvə görüşündəki çıxışı Hərəkat vasitəsilə BMT, eləcə də Bretton-Vuds qlobal idarəetmə sistemində yeni təkmilləşdirməyə ehtiyacın olması və dəyişikliklərin necə aparılması ilə bağlı konkret istiqamətlərin təqdimatına imkan yaratdı. Ölkəmizin sədrliyi bir daha təsdiq etdi ki, Azərbaycan nəinki qlobal təşkilatlarda fəal iştirak edən, hətta bu qurumların idarəedilməsində də aktiv mövqeyə malik olan dövlətlərdəndir”, - deyə V.Bayramov qeyd edib.