SİYASƏT
AZƏRBAYCANIN SANKT-PETERBURQDAKI BAŞ KONSULU QÜDSİ OSMANOV MARQARİTİNSKİ YARMARKASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Sankt-Peterburq, 19 sentyabr (AZƏRTAC). Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov və Rusiyanın şimal paytaxtında akkreditə olunmuş 24 ölkənin diplomatik korpusunun nümayəndələri Arxangelsk qubernatoru İlya Mixalçukun dəvəti ilə regionla tanışlıq məqsədi ilə Marqaritinski yarmarkasının açılışında iştirak etmişlər.
Diplomatik korpusun adından tədbirin təntənəli açılış mərasimində çıxış edən Q.Osmanov Marqaritinski yarmarkasının təşkilatçılarına təşəkkürünü bildirmiş və onun mədəniyyətlərarası dialoqun qurulmasında vacib rolunu vurğulamışdır.
Baş konsulluqdan bildirmişlər ki, Q.Osmanov Arxangelsk vilayətinə səfər çərçivəsində burada fəaliyyət göstərən Azərbaycan diasporunun və gənclər təşkilatının nümayəndələri ilə görüşmüşdür.
Görüşdə Azərbaycan diasporunun Rusiya cəmiyyətinə inteqrasiya prosesləri və regional ictimai münasibətlərin inkişafında rolu müzakirə olunmuşdur.
Rusiya gənclər təşkilatının Arxangelsk vilayəti üzrə bölməsini təmsil edən gənclərə Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyəti haqqında kitablar hədiyyə edilmiş, “Bakı” jurnalı paylanılmışdır.
######