İQTİSADİYYAT
“Azərbaycanın statistik göstəriciləri” statistik məcmuəsi nəşr olunub
Bakı, 13 sentyabr (AZƏRTAC). Dövlət Statistika Komitəsi (DSK) tərəfindən “Azərbaycanın statistik göstəriciləri” məcmuəsi nəşr olunub. Bu məcmuə ölkənin iqtisadi, sosial, demoqrafik və ekoloji həyatında baş verən prosesləri əks etdirən illik statistik nəşrdir.
AZƏRTAC xəbər verir ki, nəşrdə ötən il Azərbaycanın sosial-iqtisadi vəziyyəti haqqında statistik məlumatlar 2005 və 2012-ci illərlə müqayisədə verilib. Burada mülkiyyət münasibətlərinin və təsərrüfatçılıq formalarının inkişafı, dövlət maliyyəsi, sığorta, tədiyyə balansı, mənzil fondunun özəlləşdirilməsi, turizm, şəhər və rayonlar üzrə əsas sosial-iqtisadi göstəricilər, beynəlxalq müqayisələr və digər məlumatlar yer alıb.
Məcmuənin nəşr versiyasını DSK-nın veb-portalının statistik nəşrlər/nəşrlərin e-versiyaları bölməsindən əldə etmək olar.