REGİONLAR
Azərbaycanın taxıla olan ehtiyacının xarici mənbələr hesabına ödənilən hissəsinin əlverişli şərtlərlə alınmasında heç bir ciddi problem yaşanmayacaqdır
Bakı, 13 iyul (AZƏRTAC). Cari mövsümdəki iqlim şərtləri taxıl məhsullarının istehsalı baxımından son dövrlərin ən əlverişsiz ili olmuşdur. Belə ki, mövsüm dövründə havaların quraq keçməsi nəticəsində xüsusilə, dəmyə ərazilərdəki taxıl sahələrinin bir hissəsində məhsuldarlıq çox aşağı olmuşdur. Həmçinin bəzi rayonlarda dolu düşməsi nəticəsində əkilmiş taxıl sahələrinin xeyli hissəsi sıradan çıxmışdır. Ölkədə aqrar sığorta sisteminin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının verdiyi tapşırığın əhəmiyyəti bu faktlardan sonra daha aktual xarakter almışdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında kənd təsərrüfatı naziri Heydər Əsədov demişdir.
Nazir onu da qeyd etmişdir ki, bu mövsümdə iqlim şərtlərinin taxıl məhsullarının istehsalı baxımından əlverişsiz olması ABŞ-ın bəzi ştatları, Kanada və Avstraliya kimi dünyanın ən iri taxıl istehsalçıları üçün də xarakterik olmuşdur. Lakin dünyanın digər əsas taxıl istehsalçıları olan ölkələrdə, o cümlədən Azərbaycanın taxıl idxalının 90 faizini həyata keçirdiyi Rusiya və Qazaxıstanda məhsul istehsalı əvvəlki ilə nisbətən artmışdır. Ümumilikdə isə qlobal bazar trendlərinə əsasən buğda ehtiyatları son 3 il ərzində artım dinamikasına malik olmuşdur. “FAO ərzaq qiyməti indeksinə”, eləcə də Çikaqo və digər beynəlxalq buğda birjalarının məlumatlarına əsasən, cari ilin iyun ayında buğdanın qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 10-20 faiz aşağı düşmüşdür. Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin taxıla olan ehtiyacının xarici mənbələr hesabına ödənilən hissəsinin əlverişli şərtlərlə alınmasında heç bir ciddi problem yaşanmayacaqdır.