SİYASƏT
AZƏRBAYCANIN TÜRKİYƏDƏKİ SƏFİRİ BÖYÜK MİLLƏT MƏCLİSİNİN BEYNƏLXALQ ƏLAQƏLƏR KOMİSSİYASININ SƏDRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Ankara, 16 fevral (AZƏRTAC). Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov Böyük Millət Məclisinin beynəlxalq əlaqələr komissiyasının sədri Murat Mərcanla görüşmüşdür.
Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinə toxunulmuşdur. Səfir Zakir Həşimov Türkiyə-Azərbaycan münasibətlərinin dinamikliyindən bəhs edərək, son zamanlar Türkiyə mətbuatında və bundan istifadə edən Ermənistan mətbuatında yazılan və səsləndirilən fikirlərdən narahatlığını bildirmişdir. Diplomat Dağlıq Qarabağla bağlı danışıqlar prosesi haqqında komissiya sədrinə ətraflı məlumat vermiş, “Türklər Qarabağdan imtina etdi, məsələnin həlli planı” kimi xəbərlərin (“Hürriyyət” qəzeti, “Liberti” radiosunun xəbəri) Azərbaycan ilə Türkiyə arasındakı mövcud tarixi dostluq və qardaşlıq prinsipinə zidd olduğunu söyləmişdir.
Murat Mərcan bu cür xəbər və yazıların təxribat xarakterli olduğunu söyləmiş, Türkiyənin heç bir zaman Azərbaycanın haqq işində onu darda qoymayacağını qeyd edərək, Türkiyə-Ermənistan münasibətlərinin 3 problem üzündən normallaşdırılmasının qeyri-mümkün olduğunu bildirmişdir. Bunun üçün ermənilərin aşağıdakı məsələləri qəbul etməli olduqlarını söyləmişdir:
Birincisi, 1915-ci il qondarma “soyqırımı” iddialarından vaz keçilməlidir.
İkincisi, Dağlıq Qarabağ və ona bitişik ərazilər azad olunmalı, qaçqın və məcburi köçkünlərin yurdlarına qayıtmaları təmin edilməlidir.
Nəhayət, üçüncüsü Ermənistan Türkiyənin sərhədlərini tanımalıdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara