İDMAN
Azərbaycanın üç boksçusu Avropa birinciliyinin yarımfinalına yüksəlmişdir
Bakı, 16 avqust (AZƏRTAC). Hollandiyanın Rotterdam şəhərində gənclər arasında boks üzrə Avropa birinciliyinin yarımfinalçıları müəyyənləşmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan komandasının 3 üzvü yarımfinala vəsiqə qazanmışdır. Bununla da idmançılarımız ən azı qitə birinciliyinin bürünc medallarını özləri üçün təmin etmişlər.
Çempionatda 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov ¼ finalda rumıniyalı Fredi Nikusoru məğlub etmişdir. Həmyerlimiz finala gedən yolda albaniyalı Rexildo Zenili ilə qarşılaşacaqdır.
Cavid Quliyev də (64 kq) qitə birinciliyinin mükafatçıları sırasına daxil olmuşdur. Millimizin üzvü ¼ finalda Rumıniya nümayəndəsi Vizanı mübarizədən kənarlaşdırmışdır. C.Quliyev yarımfinalda Almaniyanı təmsil edən Aqon Qaşi ilə üz-üzə gələcəkdir.
Yarışda 52 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Məsud Yusifzadə də yarımfinala yüksələnlər arasındadır. Boksçumuz ¼ finalda fransalı Samuel Xistourri üzərində qələbə qazanmışdır. Boksçumuzun növbəti rəqibi Türkiyə nümayəndəsi Ömər Koç olacaqdır.
Birinciliyin ¼ final mərhələsində Münasib Məmmədov (49 kq), Nəbi Bağırov (75 kq), Rahil Məmmədli (81 kq) və Məhəmmədəli Tahirov (91 kq-dan yuxarı) məğlubiyyətlə üzləşmişlər.
Avropa birinciliyinə avqustun 17-də yekun vurulacaqdır.