ELM VƏ TƏHSİL
Azərbaycanın və ABŞ-ın elm qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı,19 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə ABŞ-ın ölkəmizdəki səfirinin müavini Derek Hoqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinin tərkibində ABŞ-ın Smitsonian İnstitutunun Milli Təbiət Tarixi Muzeyinin antropologiya sahəsi üzrə aparıcı alimləri, həmçinin Nyu-Meksika, Corc Meyson və Boston universitetlərinin alimləri olub.
Görüşdə akademik A.Əlizadə qeyd edib ki, Azərbaycan və ABŞ arasında uzun illərdir müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətləri vardır. Bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət daşıyır.
Azərbaycan alimləri həmişə ABŞ-ın elmi mərkəzləri və universitetləri ilə sıx əlaqələrin tərəfdarı olublar. Bu əlaqələr çərçivəsində bu günədək elmi mübadilə, müxtəlif istiqamətlərdə birgə layihə və s. həyata keçirilib.
Akademik A.Əlizadə Prezident İlham Əliyevin Azərbaycan arxeologiyası və etnoqrafiyasının inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb.
Hər bir dövlətin tarixinin ən qədim mərhələlərinin arxeoloji qazıntılar əsasında tədqiq edildiyini vurğulayan Derek Hoqan Azərbaycanın da qədim və zəngin tarixə malik olduğunu söyləyib. Bildirilib ki, Azərbaycanda tədqiqatçılar tərəfindən əldə edilən qiymətli maddi mədəniyyət nümunələri dünya alimləri tərəfindən Azərbaycanın arxeoloji abidələri və qədim mədəniyyətinə marağın artmasına səbəb olub.
Amerikalı alimlər ABŞ-ın elmi-tədqiqat qurumları ilə AMEA-nın elmi müəssisələri arasındakı əlaqələrdən danışıb, bu əməkdaşlığın bundan sonra da səmərəli olacağına əminliklərini bildiriblər.
Son dövrlərdə arxeologiya sahəsində aparılan uğurlu tədqiqatlar barədə məlumat verən amerikalı mütəxəssislər bu sahədə azərbaycanlı həmkarları ilə birgə əməkdaşlığa həmişə hazır olduqlarını söyləyiblər.
Tərəflər irəli sürülən bütün təşəbbüslərin rəsmiləşdirilməsi və reallaşdırılması məqsədilə gələcəkdə müqavilələrin imzalanması barədə razılığa gəliblər.