SİYASƏT
AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ MƏRAKEŞDƏ AKKREDİTƏ OLUNMUŞ BİR SIRA DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏRİN RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Bakı, 3 iyun (AZƏRTAC). İyunun 3-də xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin Mərakeşdəki səfirliyinin, Azərbaycanın Xarici İşlər, Mədəniyyət və Turizm nazirliklərinin birgə təşkilatçılığı ilə tanışlıq məqsədi ilə Bakıya səfər etmiş Mərakeşdə akkreditə olunmuş Portuqaliya, Yunanıstan, Tailand, Oman, Qətər, Mavritaniya, Bruney, Malayziya, Vyetnam, Banqladeş diplomatik nümayəndəliklərinin rəhbərləri və Avropa Komissiyasının təmsilçisi ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə nazir E.Məmmədyarov qonaqlara Azərbaycanın xarici siyasətinin prioritetləri haqqında ətraflı məlumat vermişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə dair aparılan danışıqlara toxunan nazir E.Məmmədyarov münaqişənin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırmışdır.
Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan E.Məmmədyarov ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu qlobal əhəmiyyətli regional layihələrdən də danışmışdır.
Sonda Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qonaqları maraqlandıran sualları cavablandırmışdır.