SİYASƏT
Azərbaycanın xarici ölkələrdəki diaspor təşkilatları ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirmişlər
Bakı, 13 dekabr (AZƏRTAC). Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ölkəmizin xarici dövlətlərdə fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən geniş şəkildə qeyd olunmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, ABŞ-da Azərbaycan Nyu-York Assosiasiyası Ulu Öndərin vəfatının 10-cu ildönümü ilə bağlı anım mərasimi təşkil etmişdir. Mərasimdə Nyu-Yorkda yaşayan azərbaycanlılar iştirak etmişlər. Assosiasiyanın rəhbəri Ercan Yerdələnli ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən, onun ölkənin inkişafı istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan danışmışdır.
Kanada da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Monreal şəhərində Kvebek Azərbaycanlıları Assosiasiyası tərəfindən Ümummilli Liderin anım günü ilə əlaqədar “dəyirmi masa” təşkil edilmişdir. Tədbirdə dahi şəxsiyyətin zəngin siyasi fəaliyyəti ilə bağlı müzakirələr aparılmışdır. Tədbirin sonunda Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Xüsusi təyinat” adlı sənədli filmi nümayiş etdirilmişdir.
Daha bir anım mərasimi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilmişdir. Tədbirdə Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Daşkənddəki bir neçə ali məktəbin professor-müəllim heyəti, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak etmişlər.
Parisdə fəaliyyət göstərən “Azərbaycan Evi” Ulu Öndərin xatirəsinə həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə Fransada çalışan və təhsil alan soydaşlarımız iştirak etmişlər.
Almaniyanın Drezden şəhərində fəaliyyət göstərən “Alm.Az” Drezden Almaniya-Azərbaycan Dostluq cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə həmyerlilərimizlə yanaşı, Saksoniya əyalətinin nüfuzlu ictimai xadimləri də iştirak etmişlər.
Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti də ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirmişdir.
Bundan başqa, dekabrın 14-də Haaqa şəhərində “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin yeni binasının açılışı olacaqdır. Yeni binada keçiriləcək ilk tədbir Ümummilli Liderin xatirəsinə həsr ediləcəkdir.
Dekabrın 18-də isə Almaniyada fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti Bilefeld şəhərində yerləşən Realschule məktəbində Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı tədbir keçirəcəkdir. Tədbirdə rəsmi şəxslər, iş adamları, diaspor təşkilatlarının təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak edəcəklər.