SİYASƏT
AZƏRBAYCANIN XARİCİ SİYASƏTİ KOLORADODA MÜZAKİRƏ EDİLMİŞDİR
Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a verilən məlumata görə baş konsul Elin Süleymanov və vitse-konsul Elşən Baloğlanov Kolorado ştatının paytaxtı Denver şəhərində olmuşlar. Azərbaycanlı diplomatlar Denver şəhərinin meri Con Hikenloper, ştatın qubernatorunun iqtisadi məsələlər üzrə müşavirləri, Denver Universitetinin rəhbərləri və işgüzar dairələrin nümayəndələri ilə görüşdə iqtisadi əməkdaşlığın və təhsil sahəsində mübadilələrin perspektivlərini müzakirə etmişlər. Yerli KİV nümayəndələri ilə görüşlərdə Azərbaycanın təmsilçiləri regionda vəziyyət barədə məlumat vermişlər.
E.Süleymanov Denver Universitetinin tələbələri və Denverin Beynəlxalq Münasibətlər Şurasının nümayəndələri qarşısında Azərbaycanın xarici siyasəti mövzusunda çıxış etmişdir. Azərbaycan cəmiyyətində tolerantlıq və aşkarlıq ənənələri, Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsi, eləcə də ölkə rəhbərliyinin həyata keçirdiyi tarazlaşdırılmış xarici siyasət kursu diskussiya iştirakçılarının xüsusi marağına səbəb olmuşdur.
######