SİYASƏT
Azərbaycanlı deputatlar Qırğızıstanın Avropa Şurası ilə əməkdaşlığını dəstəkləmişlər
Strasburq, 9 aprel (AZƏRTAC). Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının aprelin 8-də keçirilən iclasında “Qırğızıstan Respublikasının demokratiya tərəfdaşlığı üçün AŞPA-ya müraciəti” məsələsi ətrafında müzakirələr aparılmışdır.
Müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov demişdir: “Bu gün müzakirə etdiyimiz məsələ çox önəmlidir. Təmsil etdiyim Avropa Demokratlar Siyasi Qrupu və Azərbaycan adından Qırğızıstandan olan bacı və qardaşlarımıza Assambleyaya təşrif buyurmalarına görə xoş gəlmisiniz deyirəm. Biz eyni ailəyə mənsubuq və eyni tarixi köklərimiz vardır. Bu gün mən çox şadam ki, siz bizim aramızdasınız və müdafiə etdiyimiz dəyərləri paylaşırsınız. Bu müzakirə sizə etdiyimiz hədiyyə deyildir. Bu, eyni zamanda, demokratiya, insan haqları və hüququn aliliyi naminə mübarizə aparmaq üçün bir dəvətdir. Siz buna nail ola bilərsiniz. Çünki sizin tarix, sizin təcrübə göstərir ki, Qırğızıstan bizim böyük məkanın üzvü ola bilər. Ümid edirəm ki, sizin ölkə Avropa Şurasının üzvü olan 47 dövlətin parlamentariləri ilə birlikdə insan hüquqlarını müdafiə edəcəkdir. İnsan hüquqlarının müdafiəsi çətin bir məsələdir. Bu, sadəcə, Avropa Şurasının bəzi ölkələrində deyil, sizin regionda da ciddi məsələdir. Ümid edirəm ki, siz bu dövrdə önəmli olan hüququn aliliyini əldə edə biləcəksiniz.
Əziz dostlar, əziz bacılar və qardaşlar! Avropa Demokratlar Qrupu və Azərbaycan adından öz evinizə xoş gəlmisiniz deyirəm. Bu gün siz öz evinizdəsiniz”.
Müzakirə olunan məsələyə münasibət bildirən Mili Məclisin deputatı Qənirə Paşayeva qeyd etmişdir ki, Qırğızıstan Mərkəzi Asiya ölkələri arasında Assambleyaya demokratiya üzrə tərəfdaş status üçün müraciət edən ilk ölkədir və onların bu addımı alqışlanmalı və dəstəklənməlidir. Bu addımı atmaqla Qırğızıstan ən yaxşı Avropa təcrübəsini və özünün gələcək inkişaf yolunda Avropa Şurası standartlarını seçdiyini göstərmişdir. Qeyd etmək istəyirəm ki, Qırğızıstan xalqı, parlamenti Avropa Şurası dəyərlərinin, insan haqları, demokratiya, söz azadlığı, azad və demokratik seçkilər, qanun aliliyi ilə bağlı dəyərlərin ölkələrində möhkəmlənməsi istiqamətində ciddi addımlar atırlar. Çox önəmli, amma mürəkkəb bir bölgədə yerləşən Qırğızıstanın bu addımı ciddi dəstəklənməlidir. Bu ölkə müstəqilliyini yenidən qazandıqdan sonra iqtisadi çətinliklərə, bir sıra ciddi daxili siyasi problemlərə baxmayaraq inkişaf edir və öz inkişafında demokratiyanın prinsiplərini əsas tutur. Ölüm hökmünün ləğv edilməsi, siyasi institutların inkişafı istiqamətində həyata keçirilən Konstitusiya islahatları ilə bərabər, azad və ədalətli seçkilərin keçirilməsi, siyasi və ictimai həyatda qadınların kişilərlə bərabər imkanların tanınması, korrupsiyaya qarşı mübarizə sahəsində gördüyü işlər, qeyri-hökumət təşkilatlarının qanunverici və icra orqanlarının fəaliyyətinə cəlb olunması, yerli və lokal demokratiyanın inkişafı kimi bir sıra önəmli islahat və addımlar Qırğızıstanın seçdiyi yolun doğruluğunu aydın göstərir. Assambleya Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunu verməklə Bişkekin, Qırğızıstan parlamentinin, qeyri-hökumət təşkilatlarının demokratiyanın inkişafı, insan hüquqlarının müdafiəsi, fundamental azadlıqlar, qanunun aliliyi ilə bağlı gördükləri işləri dəstəklədiyini bir daha əyani şəkildə nümayiş etdirir.
Assambleya tərəfindən Qırğızıstana demokratiya üzrə tərəfdaş statusunun verilməsi bu ölkə ilə təşkilatımız arasında əməkdaşlığı genişləndirəcək. Bu öz növbəsində Qırğızıstanda demokratik institutların daha surətli inkişafına, bir sıra vacib islahatların surətlə həyata keçməsinə də təkan verə bilər.
Mənim ölkəm Azərbaycan ilə Qırğızıstan arasında əlaqələr daha da inkişaf edir və biz bu əməkdaşlığın genişlənməsinə böyük əhəmiyyət veririk.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq